"Qəzza zolağında bütün dünyanın gözü qarşısında misli görünməmiş insan faciəsi yaşanır. Xəstəxanalar, məktəblər, məscidlər, kilsələr, qaçqın düşərgələri bombalanır, günahsız uşaqlar vəhşicəsinə qətlə yetirilir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Oktyabrın 7-dən bu yana şahidi olduğumuz bu vəhşiliyi izah edəcək, bəhanə gətirəcək heç bir konsepsiya yoxdur. Qəzzada düz 28 gündür insanlığa qarşı cinayətlər törədilir. Biz Türkiyə olaraq bu böhranın ilk başladığı andan prinsipial və humanitar mövqe tutmuşuq.

Bizim prioritetimiz tez bir zamanda humanitar atəşkəsin yaradılmasıdır. Biz həmçinin müsəlman, xristian və ya yəhudi olmasından asılı olmayaraq hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik. Beynəlxalq sülh konfransı üçün zəmin yaratmaq səylərimiz davam edir. İndiyədək bölgəyə humanitar yardım materialları ilə dolu 10 təyyarə göndərmişik", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova