"Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi və həmrəyliyidir. Bu həqiqəti son vaxtlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görməkdə də davam edirik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Vətən müharibəsindən sonra Azərbaycan Qarabağda 30 ildir davam edən işğala tamamilə son qoydu. Biz bu tarixi nailiyyətdən böyük qürur və fərəh hissi keçiririk. Beləliklə, biz regionumuzda daimi sülhə bir addım yaxınlaşmışıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur.

Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək", - deyə o, bildirib.

 

Gözəl Həşimova