Sentyabrın 27-də - “Anım Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən əvvəlcə İkinci Fəxri xiyaban, daha sonra Hərbi Qənimətlər Parkı ziyarət olunub.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərilərinə gül dəstələri düzülüb.

Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, Tarixi Zəfərimizin təmin edildiyi vurğulanıb.

Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbiçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən Vətən Müharibəsinə həsr edilmiş “Əsrə bərabər il” sənədli filmi izlənilib.