Baş verənlərdə təkcə məktəb günahkardırmı...?

Bu sözləri İqtisadiyyat.Az-a son bir ay ərzində Bakı məktəblərində baş verən intihar hadisələri ilə açıqlama verən təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, cəmiyyətdə baş verən heç bir hadisə məktəblərə təsirsiz ötüşmür.

“Açığını desəm, mən  nəinki məktəblərdə baş verən intihar və intihara cəhdlərlə bağlı olayları,   ümumiyyətlə son zamanlar ətrafında geniş müzakirələrə yol  açan, sıradan olan dərsdən qaçma kimi bir adi hadisəni videoya çəkmək, yayımlamaq kimi bir tendensiyanın qəti  əleyhinəyəm. Bütün bu kimi hallar sosial xarakterli hal və təzahürlərdir və şübhəsiz ki, ictimai həyatımızda baş verən istənilən neqativlər məktəbə də təsirsiz ötüşmür. Cəmiyyət dərsdən qaçanı qınayır, bəs “ailədən qaçanlar”, “taleyindən qaçanlar”, “bəxtindən qaçanlar”, “özündən qaçanlar” azdır məgər...?

Təəssüfləndirici hal odur ki, hadisənin səbəb və mahiyyətinə varmadan, hamı öz subyektiv təəssüratlarını bölüşür. Sanki belə bir hadisənin baş verə biləcəyini qabaqcadan gözləyirmiş kimi... Əlbəttə baş verənə yönəlik emosiyalar da hardasa başa düşüləndir, çünki söhbət  insan taleyindən gənclərin taleyüklü aqibətindən gedir.

Nadir İsrafilov, baş verən hadisələrin səbəbi aydın olmamış cəmiyyət arasında dəqiq olmayan məlumatların yayılmasını düzgün hesab etmədiyini vurğulayıb: “Bununla belə bir həqiqəti də dərk etməliyik ki, bu kimi hadisələr ilk mərhələdə polemika obyekti deyil, daha çox təhqiqat obyektidir. Yəni, istintaq başa çatmadan şəxsi fikirlərə əsaslanıb, necə nəticə çıxarmaq olar ki, bu cür xoşagəlməz hadisələrin baş verməsində məhz məktəb məsuliyyət daşıyır, yoxsa ailə və ya ictimaiyyət?  Bir mühüm məqam da nəzərə alınmır ki, bu kimi “münəccimliklər”, təkcə bütövlükdə məktəb məfhumuna, valideyn mənəviyyatına, uşaq psixologiyasına ağır və sarsıdıcı zərbə vurmaq deyil, həm də cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yönəlik bir cəhddir.

Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu və məsuliyyəti danılmaz olsa da, “günah keçisi” qismində təkcə məktəbi ittiham etmək, məhz onu suçlamaq o qədər də ədalətli mövqe deyil. Məsələyə sosial kontekstdə baxmaq lazımdır. Ona görə ki, bu kimi hallar təkcə məktəbdə deyil, habelə evlərdə, ailədə, digər məişət obyektlərində, özü də bütün dünyada baş verir”.

Təhsil eksperti, dediyi fikirlərin heç də yeniyetmə və gənclərlə təlim-tərbiyə işlərinin təşkilində məktəbin rolunu və xüsusi çəkisini azaltmadığını da bildirib: “Etiraf etməliyik ki, hazırda təhsil müəssisələrində təlim-tərbiyə məsələlərinin tam olmasa da, hər halda müəyyən deqradasiyaya uğraması da istisna olunmur. Təlimə ifrat dərəcədə aludəçiliyimiz əslində tərbiyə məsələlərini bir növ  arxa plana keçirib. Uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, uşaqların harmonik inkişafını və tərbiyəsini lazımi səviyyədə təmin etmir. Tərbiyə bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd qəbul olunsa belə, bu prosesin səmərəli təşkilinə hələ tam nail ola bilməmişik”.

Məsələyə kompleks yanaşmanın vacib olduğunu deyən Nadir İsrafilov, pedaqoji prosesdə təlim-tərbiyənin vəhdət təşkil etməyəcəyi halda bir çox problemlərlə üzləşəcəyimizi qaçılmaz hesab edib: “Onu da xatırlatmaq yerinə düşərdi ki, baxmayaraq 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı. Sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə müəyyən problemlərlə üzləşməyimiz də qaçılmaz olacaq.

Nəzərə alsaq ki, məktəb müxtəlif xarakterə malik fərdlər toplumundan ibarət böyük bir müəssisədir. Deməli istənilən vaxt, istənilən məktəbdə bu kimi hadisənin baş verməsi qaçılmazdır və heç bir pedaqoji kollektiv bu sözügedən hallardan sığortalanmayıb. Sadəcə emosiyalara qapılıb, müxtəlif versiyalar irəli sürmək deyil, sayıqlığı artırmaq, bu kimi hallara qarşı nəzarəti gücləndirmək barədə düşünülməli, məsələyə kompleks şəkildə yanaşılmalıdır”.

Mehman Nəbiyev