Dövlət Statistika Komitəsindən İqtisadiyyat.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Respublikanın ayrı-ayrı rayonlarında yığılan taxılın həcmi 3.218.397 ton olub. Sahələrdən yığılan buğdanın həcmi isə 1.991.683 ton olaraq göstərilir. Gömrük Komitəsinin rəsmi saytında yer alan məlumata görə isə bu ilin yanvar-iyul aylarında ölkəyə 653.228.08 ton buğda idxal olunub. Yanvar-iyul aylarına olan idxal göstəricisi isə ötən ilin eyni dövrü ilə müqayisədə 54.843.041 ton çoxdur. Nazirlər Kabinetinin təsdiq etdiyi istehlak səbətinə əsasən il ərzində bir nəfərə 126 kq buğda unu tədarükü düşür. Əhalinin taxıla olan illik tələbatı təxminən 3.5 mln tona bərabərdir. Ərzaq buğdasına olan tələbat isə təxminən 2.1 mln ton təşkil edir. İqtisadçı ekspertlərin fikrincə ərzaq buğdasına olan tələbatın 60%-i yerli məhsul hesabına ödənilir. Ancaq builki biçin və artan idxal rəqəmlərindən də görünür ki, daxili tələbatın hələ də idxaldan asılılığı davam edir.

Məlumdur ki, dövlət fermerlərə aqrar subsidiyaların verilməsini asanlaşdırır. Aqrar təsərrüfatların inkişafı üçün müxtəlif tədbirlər görülür. Bəs hələ də daxili tələbatın ödənməsində olan çatışmazlıqlar hansılardır? Kənd Təsərrüfatı üzrə ekspert Nicat Nəsirli İqtisadiyyat.Az-a açıqlamasında yerinə yetirilməli olan bir sıra texniki prosedurları nəzərə çatdırıb. Ekspert suvarma, gübrə vermə proseslərindən danışarkən nələrə diqqət yetirmənin vacib olduğunu bildirib:

"Kənd təsərrüfatında strateji əhəmiyyət daşıyan taxılçılıqda keyfiyyət göstəricilərinin yüksəldilməsi bütün ölkələrin qarşısında duran əsas məsələlərdən biridir. Kompleks tədbirlər həyata keçirildikdə vahid sahədən əldə olunan məhsuldarlığın yüksəldilməsinə səbəb ola bilər. Bu gün taxılçılqda məhsuldarlıq üzrə göstəricilər 50-70 sentiner arasında olsa da Azərbaycanda 30 sentinerdir. Kompleks tədbirlər deyərkən: torpağın səpinə qədər düzgün becərilməsi, hektara düşən səpin normasına ciddi əməl olunması, hektara normativlər daxilində gübrələrin tətbiqi, sertifikatlaşdırılmış sağlam toxum materiallarından istifadə, biçin, daşınma, saxlama qaydalarını nəzərdə tuturuq. Taxılçılıqda suvarma təminatı çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünya üzrə su ehtiyatları məhdud olan ölkələr sırasındadır. Becərmə zamanı sahələrə su ya tələb olunan normativlərdə verilmir ya da həddindən artıq çox verilir. Birinci hal məhsuldarlığa, ikinci hal isə torpağın şoranlaşmasına mənfi təsir göstərir. Optimal çıxış yolu kimi taxılçılıq sahəsinin ixtisaslaşdırılması yaxşı olardı. Taxıl yalnız iri, lazımi infranstruktur şəraiti olan sahələrdə əkilməlidir. Fakt budur ki, xırda təsərrüfatların keyfiyyətli taxıl yetişdirmək üçün nə imkanları, nə də elmi təminatı çatışmır. Əvəzində xırda təsərrüfatlar (1-3 hektara qədər) koopearsiyalaşmaqla əkin strukturuna daha gəlirli sahələri daxil edə bilərlər".

Mehman Nəbiyev