Muxtar respublikanın Culfa rayonunun ucqar dağ kəndi olan Gal kəndində yeni qoz bağı salınıb.

Bağ üçün ayrılmış ərazidə əvvəlcədən hazırlıq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarma tədbirləri görülüb. 1 hektarlıq sahədə salınan bağda 100-dən çox qoz tingi əkilib.

Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın digər rayonlarında olduğu kimi, Culfada da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Rayonda ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır, relyef və iqlim şəraitinə uyğun meyvə ağacları əkilir, yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayonun Ləkətağ, Boyəhməd, Teyvaz, Gal, Şurud, Milax kəndlərində, Gədik meşələrində qoz bağları çoxdur. Kəndlərdə sakinlər qoz ağaclarını şəxsi bağlarında yetişdirməklə yanaşı, artıq yol kənarlarında da əkirlər.