"Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında irəli sürdüyü yeni dünya düzəninin prinsipləri Çinin baxışını əks etdirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Çjan Xanhui "Komsomolskaya Pravda" qəzetində dərc olunan məqaləsində bildirib.

"Bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyətin qurulması konsepsiyası bərabərlik və hörmət prinsiplərinə riayət etməyi, təkəbbür və qərəzdən əl çəkməyi, fərqli sivilizasiyaları birləşdirən daha çox körpü qurmağı və müxtəlif ölkələrin insanları arasında qarşılıqlı anlaşmanı təşviq etməyi tələb edir. Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında yeni dünya nizamı ilə bağlı fikirlər səsləndirdi. Bu prinsiplər ortaq cəmiyyət qurmaq konsepsiyasına tam uyğundur və onu tamamlayır", - səfir qeyd edib.

Diplomat əlavə edib ki, Putin və Çin prezidenti Si Tsinpin uzaqlara baxır və bütün dünyanı düşünür, eyni zamanda birlikdə Çin-Rusiya münasibətlərini tarixin ən yüksək səviyyəsinə çatdırıblar: "İki ölkə arasında strateji qarşılıqlı etimad əhəmiyyətli dərəcədə möhkəmlənib, işgüzar əməkdaşlıq müxtəlif sahələrdə hərtərəfli inkişaf edib, "Bir kəmər, bir yol" təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqının əlaqələndirilməsi sahəsində əməkdaşlıq səmərəli xarakter alıb".