Fransızların Burkina Fasoda əldə etdikləri gəlirin vergisini Fransaya ödəməsini və Burkina Fasoda bir çox vergi maddəsindən azad edilməsini təmin edən müqavilə Burkina hökuməti tərəfindən ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, Burkina Faso Xarici İşlər Nazirliyi Fransaya verilən vergi güzəştlərinin sona çatdığını açıqlayıb.

Burkina Faso Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi məlumat notasında Fransa şirkətləri və vətəndaşlarının xeyrinə tətbiq edilən “İkiqat vergitutmanın qarşısının alınması” müqaviləsinə xitam verildiyi bildirilib.

Qeyd olunub ki, xitam 3 ay ərzində qüvvəyə minəcək.

Fransa və Burkina Faso arasında ikiqat vergitutmanın aradan qaldırılması sazişi ilk dəfə 1965-ci ildə imzalanmış, 1967, 1971 və 1974-cü illərdə müqaviləyə müxtəlif düzəlişlər edilmişdir.

Müqaviləyə əsasən, Fransız şirkətləri və vətəndaşları Burkina Fasoda əldə etdikləri gəlirin vergisini Fransaya ödəmiş və onlar Burkina Fasoda bir çox vergi maddələrindən azad edilmişdilər.

Müqavilə Burkina Fasoda fəaliyyət göstərən fransız transmilli şirkətlərinə böyük üstünlük verirdi.

Müqavilənin ləğvi ilə fransızlar Burkina Fasoda əldə etdikləri gəlirin vergisini bu ölkəyə ödəyəcəklər.

Burkina Faso 2020 və 2021-ci illərdə müqaviləni yenidən müzakirə etmək istəyib, lakin Fransa bu tələbə cavab verməyib. Burkina Fasonun uzun illərdir müqaviləyə görə ciddi gəlir itkisi yaşadığı və müqavilənin ləğvi ilə əhəmiyyətli miqdarda vergi gəliri əldə edəcəyi bildirilir.

Bir neçə gün əvvəl Fransa Nigerdəki çevrilişə dəstək verən Burkina Fasoya inkişaf yardımı və büdcə dəstəyini dayandırıb.