"ABŞ-də prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Avropa üçün böyük problemə çevriləcək və Vaşinqtonun köməyi olmadan Kiyev mübarizədə uğura nail ola bilməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Bundestaqın (Almaniya Parlamenti - red.) Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter bildirib.

"Bu, böyük problem olardı. Biz ABŞ-nin Avropanın təhlükəsizliyinə verdiyi mühüm töhfəni yaxın gələcəkdə əvəz edə bilməyəcəyik", - o, "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib. 

"Tək buna görə də biz bu sahədə daha çox iş görməliyik. Biz sadəcə olaraq güman edə bilmərik ki, demokratlar növbəti prezident seçkilərində həmişə qalib gələcəklər. Eyni zamanda, demokratların bir çoxu Avropadakı problemləri özümüzün həll edə biləcəyimizlə maraqlanır", - deyə diplomat vurğulayıb.

"Doğrudur, ABŞ-nin köməyi olmasaydı, Kiyev bu gün Rusiyanın əlində olardı. Aİ bunu təkbaşına edə bilməzdi", - o qeyd edib. 

Bundestaq komitəsinin rəhbəri hesab edir ki, Ukraynaya yardım məsələsində daha çox iş görülməlidir, çünki Rusiya üstünlüyə malikdir. Onun sözlərinə görə, Çinin dəstəyi ilə Rusiyanın hərbi iqtisadiyyatı ilin əvvəlindən çox intensiv işləyir: "Rusiyada silah istehsalı durmadan artır".