“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixində Sərəncam imzalayıb. Yaşa görə təyin olunan müavinətlərin də aprelin 1-dən artırılması Sərəncama daxildir. Yaşa görə müavinət alan 60 min nəfərin məbləği gələn ayın 1-dən etibarən 73 manatdan 130 manata qaldırılacaq. “Sosial müavinətlər haqqında”  qanuna əsasən qadınlar 62, kişilər 67 yaşda(əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə müavinət alırlar. Bundan əlavə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar isə 57 yaşdan müavinət alırlar. Maraqlıdır, görəsən, ölkədə bu tip müavinət alan qadınların sayı nə qədərdir?3 və daha çox uşaq sahibi olan analar bu hüquqdan məlumatlıdırlarmı? İqtisadçı ekspert Qadir İbrahimli İqtisadiyyat.az-a fikir bildirərkən bu prosesin qanunla tənzimləndiyini qeyd edib.

“Bu baxımdan pensiya və müavinətlərin məbləğində olan dəyişikliklər onlara da şamil edilir. Dünya təcrübəsində bu qruplara inanmıram ki, hər hansı imtiyazlar verilsin. Yəni, 3 və daha çox uşaq böyüdən analara belə müavinətlərin verilməsi praktikası dünya ölkələrində də çox azdır. Ancaq təbii ki, bu müavinətlərin uşağı böyüdüb, özünün də 57 yaşına çatdığı bir vaxtda yox elə uşağı böyütdüyü vaxtda verilməsi daha doğru olardı”.

Mövzu ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov İqtisadiyyat.az-a verdiyi açıqlamada, çoxuşaqlı ailələrə dövlət dəstəyinin sosial müdafiə sisteminin prioritetlərindən biri olduğunu vurğulayıb.

“Sosial müdafiə sisteminin əsas istiqamətlərindən biri çoxuşaqlı ailələrin maddi vəziyyətinin gücləndirilməsidir. Bunlardan biri də 3 və daha çox uşağı olan, həmin uşaqları 8 yaşınadək tərbiyə etmiş analara, yaşa görə müavinətin vaxtından tez yəni, 57 yaşında verilməsidir. 2019-cu il yanvar ayının 1-ə olan statistikaya görə, yaşa görə müavinət alanlar arasında 45600 belə qadın var. Biri var ki, yaşa görə əmək pensiyası, biri də var yaşa görə müavinət. Təbii ki, vətəndaşın əmək pensiyası olanda ona əmək pensiyası verilir. Bu zaman isə güzəştlərə əsasən qadının 5-dən çox uşağı olmalıdır və pensiya təyin ediləcək yaş hər uşağa görə 1 il azaldılır. Həmin müavinət və pensiyalar da Cənab Prezidentin sərəncamına əsasən gələn ayın 1-dən 73 manatdan 130 manata qaldırılır”.

Sözügedən müavinət hüquqlu qadınların öz haqqlarını bilməyi və onlara müavinət almaq barədə məlumat verilməsindən danışan Fazil Talıbov, nazirliyin bu məsələyə ciddi yanaşdığını və elektron proaktiv xidmətlə vətəndaşlara məlumat göndərildiyini bildirib.

“Vətəndaşlarımızın 90%-i öz sosial təminat hüquqlarını, əsasən də yaşa görə müavinətləri barədə məlumatlıdır. Çox nadir hallarda olur ki, 57 yaşına çatmış qadınlar onlara düşəcək pensiya hüququndan məlumatlı olmur. Həmin qadınlar əksər hallarda özləri müraciət edirlər. Məlumatı olmayanlara isə DSMF tərəfindən bilgi göndərilir. Bildiyimiz kimi bu ilin yanvar ayından pensiya sisteminin təyinatı elektronlaşdırılıb. Bu ilin sonuna kimi sosial müavinət sistemi də tam proaktiv xidmətə keçəcək. Hazırda aparılan islahatların məqsədi odur ki, bu ximət bütün sosial təminatı əhatə etsin. Əlilliyə görə, ailə başçısını itirməyə görə pensiyaların təyinatı da təxminən bu ayın sonundan yaxud gələn ayın əvvəlindən elektron qaydada həyata keçiriləcək.”

Mehman Nəbiyev