Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər bu il 363 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 84 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.

Bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün hazırda istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması davam etdirilir və indiyədək 340 belə istixana yaradılıb. Fermerlərin tütün şitillərinə olan tələbatının tam ödənilməsi üçün 650-dək sadə istixananın yaradılması nəzərdə tutulur. Hazırda istixanalara toxum səpini davam etdirilir. Tütün əkiləcək sahələr də müəyyənləşdirilib və şumlanaraq əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədən 512,3 ton quru tütün tədarük ediblər.

(azertac)