İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Özbəkistana səfər edəcək. 3 gün müddətinə davam edəcək səfər çərçivəsində Zakir Həsənov Özbəkistanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycana gəlmiş Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun bu gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 153) keçiriləcək.

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edən Cəfər Məhərrəmov bu gün saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

İtaliya səfirliyinin ticari əlaqələr üzrə şöbəsi olan İtaliya Ticarət Agentliyi İtalyan Qida və İçki sektorunun Xüsusi Təşviq Planı çərçivəsində Bakıda bir sıra aksiyalar keçirəcək. Bu gün ixtisaslaşmış Sommelier və İtaliya şərablarının səfiri hesab edilən Artem Lebedev, Ho.Re.Ca sektorunun peşəkarları üçün “necə Sommelier olmaq olar” mövzusunda təhsil təliminə başlayacaq. Azərbaycan CÀSÀ Kulinariya İncəsənət Mərkəzi ilə birgə təşkil edilən təlim 3 gün davam edəcək və şərab sektorunda bilik, anlayış, xidmətlərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası Nyu-Yorkda öz işinə başlayır. Sessiyanın 6 gün davam edəcəyi gözlənilir.

Bu gün Meksikanın Verakrus ştatında keçiriləcək Qran-pridə Azərbaycanın üç parataekvondoçusu mübarizə aparacaq. Baş məşqçi Fərid Tağızadə turnirdə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərliyə (80 kq) şans verəcək.

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində çimərlik futbolu üzrə Avropa Superfinalı təşkil olunacaq. Yarışda Azərbaycan millisi də iştirak edəcək. B qrupunda yer alan Azərbaycan yığması bu gün Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Bu gün Oyunçuların Statusu və Transferi Komitəsinin iclası keçiriləcək. Komitə üzvləri bu dəfə Tural Bayramlı ilə sabiq klubu “Səbail” arasında yaşanan məsələyə baxacaq. Bayramlı AFFA-ya müracitəində “dənizçilər”in rəsmiləri tərəfindən qeyri-qanuni uzaqlaşdırıldığı barədə iddia qaldırıb və klubun ona 70 min manat ödəməli olduğunu bildirib. 

Bu gün Uefa Çempionlar Liqasının 2022/23 mövsümünə start verilir. Yeni mövsüm oyunları saat 20:45-də “Milan” - “Nyukasl Yunayted” və “Yanq Boyz” - “Leypsiq” matçları ilə başlayır. Bu mövsüm daha bir maraqlı faktla əlamətdardır. Belə ki, Lionel Messi və Kriştiano Ronaldo 20 ildən sonra ilk dəfə Çempionlar Liqasında meydanda olmayacaq.

Bu gün güclü geomaqnit qasırğası gözlənilir. Qasırğanın G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.