İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün milli musiqi günü ilə əlaqədar saat 15:00-da Bey­nəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək. Burada həmçinin “Açıq qapı” elan edilib və kon­sertə giriş sərbəst olacaq. 

Bu gün Üzeyir Hacıbəyli XV Bey­nəlxalq Musiqi Festivalına start ve­riləcək. İlk gündə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək, bu­rada Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti tamaşaçılara təqdim olunacaq. Festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən də musiqiçi və kollektivlər iştirak edəcək.

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin ata yurdu Şuşada açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bakıdakı Fəvvarələr meydanında isə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında konsert keçiriləcək.

Bu gün futzal üzrə Yüksək və Birinci liqalarda yeni – 2023-2024-cü illər mövsümünün püşkü atılacaq. Bakı İdman Sarayında keçiriləcək tədbir saat 11:00-da başlayacaq.

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib. 92 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

NATO Baş katibi Yens Stoltenberq bu gün ABŞ-yə səfər edəcək. Stoltenberq sentyabrın 18-dən sentyabrın 21-dək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olacaq.

İran və ABŞ məhbus mübadiləsini planlaşdırır. Vaxt dəqiq müəyyən edilməsə də, mübadilənin bu gün baş tutacağı gözlənilir.

Çin xarici işlər naziri Vanq Yi bu gün Rusiyaya gedəcək. O, həmkarı Sergey Lavrovla görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarovanın sözlərinə görə, tərəflər Ukrayna böhranını və Asiya-Sakit okean regionundakı vəziyyəti ətraflı müzakirə edəcəklər.

Koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbindən Rusiyada Hökumət Evində bu gündən maska rejiminin bərpa olunacağı bildirilir.