İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gündən Füzuliyə ilk köç başlayır. Səhər saatlarından etibarən 90 nəfərdən ibarət 23 ailə Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən Füzuli şəhərinə yola salınıb. 

Bu gün saat 11:00-da tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi aktiv ediləcək. 

Bu gün "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı saat 09:00-dan qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Quba və Qusar rayonlarının sakinləri iştirak edə bilərlər. 

Bu gün Şamaxı rayonunda toxum sərgi-satış yarmarkasının keçiriləcəyi Aqrar İnnovasiya Festivalı təşkil olunacaq. 

Bu gün İspaniyanın Melilya şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Melilya mərhələsində iştirak edəcək Azərbaycan qadın millisi C qrupunda İspaniya yığması və “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) klubu və Portuqaliya millisi ilə mübarizə aparacaq. Qadın millimiz qrupdakı ilk oyununu bu gün Bakı vaxtı ilə saat 20:20-də İspaniya millisinə qarşı keçirəcək. “Neftçi” klubu isə qrupda ilk görüşünü yenə bu gün Bakı vaxtı ilə saat 19:55-də Portuqaliya seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 

Qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib. Azərbaycan yığması çempionatda ilk oyununu bu gün keçirəcək. Komandamızın rəqibi Çexiya millisi olacaq. Milli komandamızla eyni qrupda Almaniya, Türkiyə, İsveç və Yunanıstan yığmaları da yer alır. 

Bu gün futbol üzrə Azərbaycan çempionatında III tura start veriləcək. "Kəpəz" Gəncə şəhər stadionunda Tovuzun "Turan" klubunu qəbul edəcək. Oyun saat 17:00-da başlanacaq və CBC Sportdan canlı yayımlanacaq.