İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Bakıda və Abşeron yarımadasında bürkülü və qızmar diskomfort hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası Samux rayonu, Çobanabdallı kəndində (kənd tam orta məktəbinin qarşısı) baş tutacaq. 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu gün KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair 4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçirəcək.

Bu gün Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri başlayacaq. Təlimlərdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” iştirak edəcək. 

Bu gün Qanada Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Nigerdəki vəziyyətə həsr olunmuş görüşü keçiriləcək.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq. Turun son günündə "Neftçi" - "Səbail" oyunu baş tutacaq.