Məlumdur ki, quru sərhədlər bağlı olduğu üçün ölkənin turistik bölgələrinə böyük axın var. Lakin şimal rayonlarında yolların təmir edilməsi istirahətə gedən şəxsləri narahat edən əsas səbəblərdəndir. Belə ki, Qəbələ, İsmayıllı, Quba istiqamətlərində həftəsonları yaranan uzun tıxaclarla bağlı narazılıqları əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılır. 

Bəs təmiri istirahət mövsümünə qalan bu yollar nə vaxt hazır olacaq? 

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, söhbət təmir işlərindən gedirsə,  bu işlərin həyata keçirilməsi qışdan sonra dərhal reallaşdırılmalıdır ki, qışdan sonrakı turizm mövsümündə təmir gedən yollardan istifadə etmək mümkün olsun:

"Yol infrastrukturunun yaxşılaşdırılması, yenilənməsi və xüsusilə regionların yol infrastrukturunun davamlı inkişafı baxımından məsələyə iki tərəfdən yanaşmalıyıq. Biri var mövcud yolların təmiri, biri də var yeni yol çəkilişi… Yeni yolların çəkilişi layihələri çox uzun bir vaxt aparır. Qısa müddətdə bu məsələnin həlli imkansızdır. Əgər biz Qəbələ, Ağsu, Qax və bu istiqamətdəki işləri nəzərdə tuturuqsa, bu hissələrdə yeni yolların salınması işləri həyata keçirilir. Orada böyük tunellər olacaq, dağların altı ilə tunellər çəkiləcək, eyni zamanda yeni çoxzolaqlı yol infrastrukturu hazırlanacaq. Bütün bu məsələlər çox böyük, irihəcmli layihələrdir. Bu layihələri yay sezonunda başlayıb, həmin sezonda başa çatdırmaq mümkün deyil. Təbii ki, burada iqlim şəraiti də nəzərə alınır. Əgər söhbət təmir işlərindən gedirsə, burada yolların təmiri ilə məşğul olan qurumu mühakimə edə bilərik.

Qurumlar öncədən bilməlidirlər ki, quru sərhədləri bağlıdırsa, tur-paketlər alıb hava yolu ilə digər ölkələrə istirahətə yollanmaqda çətinlik çəkən bəlli təbəqə var. Həmin insanlar daxili turizmə üstünlük verəcəklər ki, bu zaman kiçik və orta sahibkarların maraqları da nəzərə alınmalıdır. Yəni istər sahibkar subyektləri, istərsə də həmin bölgələrə səyahət edərkən tıxacda qalan sadə vətəndaşlar nəzərə alınmalıdır. Ona görə də təmir işləri maksimum tez bir zamanda həyata keçirilməlidir".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, böyük layihələrin icrası mövsümlə bağlı olmur:

"Muğanlı-İsmayıllı-Qəbələ yolu 1-2 aylıq layihə deyil. Hansısa layihəni 1-2 aya yekunlaşdırmaq mümkün olduqda, təbii ki, vətəndaşları az narahat etməklə bu işlər icra olunur. Əgər uzunmüddətli layihədirsə, artıq burada o layihənin başlama mövsümü önəmli olmur. Çünki qışda başlasa belə yaz, yay və payız aylarında da davam edəcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində aparılan təmir-bərpa işlərinə gəlincə, burada da işlər qısamüddətli deyil. Amma yay fəsli olması və bu istiqamətdə nəqliyyat axının intensivliyi nəzərə alınaraq, həmçinin təmir işlərinin magistral yolla hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu azaltmaq məqsədilə işlər ərazilər üzrə hissə-hissə olmaqla aparılır. Belə ki, hazırda təmir-bərpa işləri magistral yolun 52-119.5 km-də 3 hissədə yerinə yetirilir. Təmir-bərpa işləri magistral yolun 52-53.5, 100-102.5 və 107-108.2-ci km-lik hissələrini əhatə edir.

Xatırlayırsınızsa, ötən il əks istiqamətdə, yəni Qubadan Bakı istiqamətində də anoloji işlər aparıldı. Yanvar ayında başlanıldı, dekabr ayında, yəni ilin sonu bitdi. Qısamüddətli olmadı. Bu dəfə yay mövsümünün sonuncu ayında başlanıldı ki, vətəndaşlara az narahatlıq yaradılsın. Qeyd edilən yenidənqurma işlərinin aparılması Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq. 

Xatırladım ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur”.