Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Maraqlıdır, Bakıda da tramvay xəttinin inşası tıxac problemini aradan qaldıra bilərmi?

ilqar.jpg

 

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sərnişinlərin vaxt itkisi ilə üzləşməməsi və yol infrastrukturundakı problemlərin azalması üçün tramvay xəttlərinin istifadəyə verilməsi doğru addım olacaq:

"Sovet dövründə Bakıda çox yaxşı tramvay parkları var idi və tramvay xəttləri fəaliyyətdə idi. Düzdür, o vaxtı şəhər nəqliyyatında indiki qədər sıxlıq yox idi. Həmçinin maşınların sayı az idi. İstənilən halda çox faydalı nəqliyyat növü idi. Bakıda yenidən tramvay xətti çəkilərsə, müəyyən texniki problemlər yaranacaq.  Belə ki, yollardan istifadənin dayanması və müxtəlif istiqamətlərdə təmir-tikinti işlərinin aparılması şəhər təsərrüfatında uzun zaman alan prosesdir. Lakin proses təxmini 2 il müddətində sürətlə aparılarsa, Bakının sərnişindaşıma sektorunda effektiv nəticə əldə oluna bilər. Birincisi, sərnişinlər maneəsiz və rahat şəkildə müvafiq yerlərə gediş-gəliş imkanı əldə edəcəklər. Eyni zamanda ölkədə dizel yanacağı ilə işləyən çox sayda avtobuslar var və bu, şəhəri ekoloji vəziyyətinə mənfi təsir göstərir. Tramvaylar isə ekoloji cəhətdən kifayət qədər əhəmiyyətli nəqliyyat növüdür. Əgər tramvay xətti inşa edilərsə, paytaxtda tıxac probleminin həllinə müsbət təsir edəcək".

 

 


Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, Naxçıvanda sonra Bakıda da tramvay xəttinin inşası gözləniləndir:

"Bakının bir sıra küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu, artıq sakinlərin gündəlik qarşılaşdıqları problemdən çox, vərdiş etdiyi bir hal olub. Bu gün Bakı şəhərində nəqliyyatda sərnişindaşıma ilə bağlı əsas yüklərdən biri taksi və marşrut sistemlərinin üzərinə düşür. Bundan başqa, ölkəyə gətirilən avtomobillərin tıxaclarda böyük payı var. Tıxac probleminin köklü həlli üçün bəzi alternativ variantlar irəli sürülməlidir. Çünki alternativ nəqliyyat sistemləri yoxdur. Halbuki sərnişindaşımanın bir mərkəzdən idarə olunması vacibdir. Naxçıvanda tətbiqi nəzərdə tutulan tramvay layihəsinin Bakıda da reallaşdırılması arzuolunandır. Bakıdan əlavə, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, hətta Şuşada və işğaldan azad edilən digər şəhərlərimizdə də tramvay xətlərini inşa etmək mümkündür".

Gülşən Şərif