Bakının Nizami rayonu, Nəsimi küçəsi, 32A ünvanında yerləşən, Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən İqtisadiyyat-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.