Bakıda daha bir yaşayış binasının sakinləri lift problemi ilə üzləşiblər.

Bu barədə İqtisadiyyat.az-a Fətəli Xan Xoyski küçəsi, 106 ünvanında yerləşən binanın sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, sözügedən binada əvvəllər də liftlə bağlı problemlər olub. Artıq 2 aydan çoxdur liftin işləmədiyini söyləyən sakinlər bununla bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinə müraciət ünvanladığını bildiriblər.

Onlar bildirib ki, İdarədən gəlib düzəltsələr də, 1 saat sonra lift yenə xarab olub. Sakinlər liftin işlək vəziyyətdə olmaması ilə yanaşı, qapısında da problemlərin olduğunu qeyd ediblər: "Şəhərin tam mərkəzində bu problemin həll olunmaması təəssüf doğurur. Xahiş edirik ki, müvafiq qurum bina sakinlərinin rahatlığının təminatı üçn bu problemə məsuliyyətlə yanaşsınlar".

Sakinlər hətta dəfələrlə insanların liftdə qaldığını xatırladıblar.

"Lifttəmir" İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Mehdi Hüseynov isə İqtisadiyyat.az-a açıqlamasında məlum problemdən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, problem qısaqapanma ilə bağlıdır:

"Hazırda həmin binada işlər artıq yekunlaşıb. Sadəcə olaraq binada elektron liftlər işləyir. Gərginliyin aşağı düşməsi nəticəsində liftin fəaliyyətində problem yaşanır. Hazırda bu problemi araşdırmaq üçün nəzarət edirik. Çox güman ki, yaxın günlərdə qısqapanmanın hansı hissədə baş verməsi aydın olunacaq".

İqtisadiyyat.az mövzuya aid videogörüntüləri təqdim edir:

Gülşən Şərif