Bu il Biləsuvarda 10 min hektardan çox sahədə pambıq əkini planlaşdırılır. Tarlalarda ötən ilin dekabr ayından pambıq əkini üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.

Fins.az xəbər verir ki, artıq bu günə kimi Biləsuvarda 8 min 500 hektardan çox sahədə şum aparılıb. Məhsul istehsalçıları rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 10 min hektara yaxın sahədə pambıq əkilməsi üçün müqavilə imzalayıb və bu iş davam etdirilir.

Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək məqsədilə artıq sahələrini genişləndirmədən, intensiv aqrotexniki qulluğun tətbiqi ilə bol məhsula nail olurlar. Bunun nəticəsidir ki, ötən il onlarla fermer fərdi qaydada 40-50 sentnerdən yuxarı məhsuldarlıq əldə edib. Fermerlər bu nəticəni daha da artırmaq istəyirlər.

Fermer Kəlbi Əhmədov deyib: “2019-cu ildə pambıq sahələrimizdə məhsuldarlıq 42 sentner oldu. Təmiz kondisiyalı 12,3 hektar sahədən 52 ton məhsul götürdük. Bu il qarşımıza məqsəd qoymuşuq ki, daha yüksək məhsuldarlığa nail olaq. Hədəfimiz 50 sentnerdən yuxarıdır”.

Qeyd edək ki, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, sahələrdə şumun yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması kimi zəruri məsələlərlə bağlı fermerlərlə mütəmadi görüşlər keçirirlər.