"Bu gün 28 929 müəllim 500 manata yaxın maaş alır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrinə həsr olunan mətbuat konfransında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllimlərin maaşının yüksək və ya aşağı olması onun bilik səviyyəsindən asılıdır:

"Müəllimlər imtahanda yaxşı nəticə göstərirsə, əməkhaqqı 35 faiz daha artıq verilir. Sertifikasiyadan keçən müəllimlərə isə 10 faiz artıq olur. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfədən çox artıb. 2021-ci ildən etibarən əməkhaqqı 4 dəfə artırılıb. Bu proses davam edəcək.

İndiki məqamda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta maaşı 1270 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 faiz əlavə alanlar) 1030 manat, sertifikatlaşdırmada iştirak etməyən heyət üzrə isə 750 manat təşkil edir. Ümumilikdə 63 983 nəfər 500-1000 manat, 34 165 nəfər 1000-1500 manat, 6177 nəfər 1500-2000 manat, 542 nəfər isə 2000 manat və daha artıq maaş alır".  

 

Gülşən Şərif