Ermənilərin əksəriyyəti Azərbaycan dilini yüksək səviyyədə danışırlar. Bu, 44 günlük müharibədə ermənilərin sosial şəbəkələrdəki aktivliyindən də açıq görünürdü.

Maraqlıdır ki, Ermənistanda 16 məktəbdə türk dili tədris olunur. Belə ki, 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub. Daha 400 məktəb isə regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək niyyətindədir.

Azərbaycanda isə erməni dilinə maraq aşağı səviyyədədir. Bəs görəsən, ölkəmizdə erməni dili öyrədilməlidirmi?

 

Universitetlərin üçüncü missiyası:  "Elmi tədqiqatlar kommersiyalaşır" - MÜSAHİBƏ

 

Mövzu ilə bağlı iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllim"i Zahid Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, erməni dilini ermənilərdən başqa bilən yoxdur:

"Hər bir dilin özünəməxsus iqtisadi əhəmiyyəti var. Azərbaycan regionda iqtisadi cəhətdən böyük gücə malikdir. Ona görə də ermənilərin, gürcülərin, Şimali Qafqaz xalqlarının Azərbaycan dilini öyrənməyə can atması normal haldır. İqtisadiyyatı güclü olan dövlətin dilini öyrənmək əlavə divident gətirir. Azərbaycanın inkişaf etməsi dilinin də inkişafına təsir edir. Azərbaycan xalqının erməni dilini öyrənməsi sadəcə kultural nöqteyi-nəzərdən ola bilər. Yəni Ermənistanda gedən prosesləri öyrənmək mümkün olsun. Ermənistanın hansısa iqtisadi gücü olmadığına görə, bu dili yalnız fəaliyyətə bağlı öyrənmək olar".

 

Zəngəzur dəhlizi ilə eyni status: "Azərbaycan istənilən vaxt Laçın  dəhlizini bağlaya bilər"

 

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə isə öz növbəsində bildirib ki, ölkəmizdə qafqazşünaslıqla bağlı mərkəzlərin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var:

"Erməni dilinin işləkliyi və yayılma miqyasını nəzərə alsaq, bu dilin Azərbaycanda ümumtəhsil müəssisələrində geniş şəkildə tədrisinin həyata keçirilməsinə ehtiyac yoxdur. Lakin ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə erməni dilinin tədrisi zəruridir. Çünki ölkədə erməni dilini bilən mütəxəssislərin olması vacibdir. Bəzi ali təhsil ocaqlarımızda, xüsusən qafqazşünaslıq ixtisasında erməni dili seçmə dil kimi tədris olunur. Digər ixtisasların əksəriyyətində də erməni dili öyrənilə biləcək xarici dil kimi tələbələrə təklif oluna bilər. 

Ermənilərin kütləvi şəkildə Azərbaycan dilini öyrənməsinə gəlincə, bu, normal haldır. Çünki ermənilər tarix boyunca türk dövlətləri və imperiyalarının tabeliyində yaşayıblar. Həmçinin ermənilərin məskunlaşdığı ərazilərdə tarixən türkdilli xalqlar üstünlük təşkil edib. Məlumdur ki, 20-ci əsrin ortalarında belə Ermənistan adlanan ərazinin bir çox rayonlarında azərbaycanlı əhalinin sayı ermənilərlə müqayisədə daha çox olub. Ermənistanda xüsusən də orta yaşlı insanlar Azərbaycan və türk dillərini daha yaxşı bilirlər. 

Bütün hallarda ölkəmizin yerləşdiyi regionu və qonşularımızı daha yaxşı tanımaq üçün onların dilini bilmək əhəmiyyətlidir".

Gülşən Şərif