Azərbaycan dünyada turizmin inkişaf etdiyi ölkələrdən biridir. Məhz buna görə də ölkəmizə təşrif buyuran əcnəbi turistlərin sayı ildən-ilə artmaqda davam edir. Eyni zamanda, Azərbaycanda daimi yaşamaq üçün və ya işləmək üçün gələnlərin sayında da kifayət qədər artım müşahidə olunur. Bu isə artıq dünyada ölkəmizə göstərilən marağın bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sənədlərə və milli qanunvericiliyə uyğun olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda "Qaçqın" statusu almaq üçün də müraciət edə bilirlər. Maraqlıdır ki, ölkəmizə gələn əcnəbilər hansı sektorlarda daha aktivdirlər?

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycana 100-dən çox ölkədən miqrant gəlir.

Onun sözlərinə görə, cari ildə Azərbaycana gələn əcnəbilər əsasən Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Gürcüstandan olub.

Əcnəbilərin yaş aralığından danışan təşkilat sədri söyləyib ki, miqrasiya prosesində əsasən əmək qabiliyyətli insanlar daha çox iştirak edirlər:

"Ölkəmizə gələn əcnəbilər arasında 20-50 yaş arası şəxslərin sayı çoxluq təşkil edir. Bəzi hallarda 60-65 yaşlı şəxslərə də rast gəlinir. Azərbaycanda uzun müddət yaşamaq üçün gələn bu əcnəbilər xüsusən də Rusiya və Gürcüstandan gəlirlər. Qısa müddət üçün gələn əcnəbilər arasında isə uşaqlara da rast gəlmək mümkündür, hansı ki, bu uşaqlar ailə üzvləri ilə birlikdə gəlirlər".   

A.Allahverənov xatırladıb ki, ölkəmizdə təhsil almaq məqsədilə gələnlər üçün müvəqqəti yaşamaq icazəsi verilir. Daimi yaşamaq üçün gələn miqrantlar isə Azərbaycan vətəndaşlarına aid olan bütün hüquqlardan yararlana bilirlər: "Əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycana gələn əcnəbilər daha çox tikinti sektorunda, neft-qaz sahəsində, sənayə, müxtəlif xidmət sahələrində və ticarətin müxtəlif seqmentləri üzrə çalışırlar. Eyni zamanda səhiyyə, təhsil və kənd təsərrüfatı sektorunda da çalışan əcnəbilərə rast gəlmək mümkündür. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizdə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan tikinti-bərpa işləri çərçivəsində körpülərin salınması, yolların çəkilməsi və digər tikinti işlərində çalışan əcnəbilərin sayı kifayət qədər çoxdur". 

"Əcnəbilərin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, bu, onların hansı kateqoriya üçün gəlməsinə bağlıdır. Onlar turist kimi gəlibsə, kapital axınına müəyyən qədər təsir etmiş olur. Xüsusən də Ərəb ölkələrindən gələn turistlər yüksək məbləğli vəsait xərcləyirlər. Eyni zamanda əməkçi miqrant kimi gələnlərin hesabına əksər vətəndaşlar texnoloji bilik və bacarıqlarını artıra bilirlər. Əgər düzgün idarəetmə olarsa, dövlətlərarası miqrasiya mübadiləsi istənilən ölkənin iqtisadiyyatı üçün mənfəət gətirir", - təşkilat sədri vurğulayıb. 

Miqrasiya Qanunvericiliyində dövrün tələblərinə əsasən dəyişikliklər edildiyini bildirən A. Allahverənov qeyd edib ki, bu vəziyyət əsasən fors-major hallara görə baş verir:

"Pandemiyaya qədər qanunvericilikdə pandemiya ilə bağlı hansısa müddəalar yox səviyyəsində idi. Lakin pandemiya vaxtı quru sərhədlərin bağlanması qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini zəruri etdi. Sonrakı mərhələdə 44 günlük müharibədən sonra post-müharibə dövrü başladı. Bu dövrdə qanunvericilikdə müəyyən çevik qərarların qəbul edilməsini vacib hala gətirdi, istənilən halda Miqrasiya Qanunvericiliyi zaman-zaman təkmilləşir".

 

Gülşən Şərif