Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycan səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat.az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, danışıqlarda əsas mövzu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.

“Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu dörd əməkdaşlıq sahəsi var. Söhbət müharibədən zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektoruna yardım və Ukraynanın müharibədən sonrakı bərpasından gedir. Biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik”, - səfir qeyd edib.

Bundan başqa, Azərbaycan minatəmizləmə sahəsində ukraynalı mütəxəssislər üçün treninqlər keçirəcək ölkələrin siyahısına qoşulur. Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minalardan təmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.

Əlavə edək ki, müharibə dövründə Azərbaycan Ukraynaya min tondan çox dərman, tibbi avadanlıq və ümumilikdə 17 milyon dollara yaxın humanitar yardım göstərib.

 

Gözəl Həşimova