Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki şərtlərin hazırlanması və daha sonra yaşıl enerjinin Avropaya ixracı üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müvafiq razılıq Azərbaycan, Özbəkistan və Qazaxıstanın energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi zamanı əldə olunub. Görüşün yekunları üzrə birgə kommünike imzalanıb. Orada ölkələrin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları qeyd olunub.

İlkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan olunacaq. İştirakçılar, həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini öyrənmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Qeyd edək ki, üç ölkənin iqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüş Özbəkistanın paytaxtında keçiriləcək.

 

Gözəl Həşimova