Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

*** 17:31

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İqtisadiyyat.az-a xəbər verir.

Məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.