Antalyada 2.5 yaşı və 2 ton çəkisi olan iri buğa Qurban bayramı öncəsi satışa çıxarıldı. “Sarı Fırtına” adı verilən “Simental Wille” cins buğa üçün 40 min lirəyə (11.764 manat) təklif edilib.

Antalyanın Kəpəz rayonu, Başkənd Məhəlləsində 40 ildir heyvan bəsləyən Əli Almazın 17 yaşlı oğlu Bəkirin yetişdirdiyi “Simental Wille” cinsli buğa iriliyi və qiyməti ilə diqqət çəkib. İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, 3 metr uzunluğu və 2 metr hündürlüyü olan buğa gündəlik 30 kq yem istehlak edir.

Bəkir buğanın axura sığımadığı və maşına mindirilə bilməyəcəyi halına gəldiyini deyib. Həmçinin o, buğanı tuta bilmədikləri üçün çölə çıxarmadıqlarını və yaşadığı yerin ətrafına dəmir dirəklər bərkidildiyini bildirib.

Buğanın bütün yemlərini öz həyətlərində yetişdirdiklərini deyən Bəkir Almaz, “Özəl olaraq bəsləmişik. Hər şeyi təbiidir. Ona görə də 2.5 yaşı olmasına baxmayaraq, çəkisi 2 tonu keçib” deyə danışıb.

 

Mehman Nəbiyev