"Bakıda ictimai nəqliyyatda avtobus parkı yenilənir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Keyfiyyətin daim diqqət mərkəzində olduğunu və yeni marşrutların gətirildiyini söyləyən ekspert bildirib ki, Bakıətrafı qəsəbələr, şəhərin mərkəzi və mərkəzə yaxın ən azı metrostansiyalarla sıx əlaqələr yaratmaqdan ötrü müəyyən işlər görülməkdədir:

"Məsələn, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib. Bu da əhalinin gediş-gəlişini, rahatlığını təmin etməkdən ötrüdür. Amma bu, o demək deyil ki, problemlər həll olundu və ya bitdi. Xeyr, iş varsa, proses gedirsə, nöqsan və çətinlik də olacaq. Bu, təbii haldır. Strukturları dəyişməməliyik. Biz yenidən öz fəaliyyətimizi, işimizi genişdirməli və şaxələndirməliyik".

Ekspert bildirib ki, əvvəllər də bir neçə dəfə avtobus sahibləri, sahibkarlar, fiziki və hüquqi şəxslər dövlətə müraciət edərək ehtiyyat hissələrinin və ölkəyə idxal rüsumlarının baha olduğunu əsas gətirərək qiymətlərə baxılmasını və artırılmasını istəyiblər: "Hətta Milli Məclisin deputatları da bu barədə müzakirələr apardılar. Təbii ki, həmin vaxt hökumət tərəfindən onlara yox cavabı verildi və təxirə salındı. İndi isə ümumi olaraq qiymətlərin tənzimlənməsinə yenidən baxıldı".

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ictimai nəqliyyatda qiymətlər tənzimlənib. Belə ki, qərara əsasən avtobus və metro sərnişindaşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Bildirilib ki, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib. 

Sadiq Cavadov