Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasında iştiraka və bankın korporativ idarəetməsinin yaxşılaşdırılmasına maraq göstərir. AYİB bunu Azərbaycanın maliyyə sektorunun dayanıqlığının möhkəmlənməsində vacib addım hesab edir.

“Ələlxüsus, bank sektorunun kapitallaşmasını möhkəmləndirmək, maliyyələşmənin dayanıqlı strukturuna nail olmaq və bank sektorunun risklərinin idarə olunmasında yeni metodların tətbiqi zəruridir”, - AYİB-in Azərbaycan üzrə növbəti 5 il üçün yeni strategiyasında belə deyilir.

“Bu addım özündə bankın özəlləşməyəqədərki, yaxud özəlləşmə maliyyələşməsini və bankın səhmdar kapitalında iştirakı ehtiva edə bilər. AYİB bankların kapitalına potensial investisiyalaşdırma vasitəsilə Azərbaycanın bank sektorunda konsolidasiyanı dəstəkləyəcək”, - strategiyada bildirilir.

Strategiyada həmçinin qeyd olunur ki. AYİB yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırmaqla, və yerli valyuta və kapital bazarlarının inkişafına yardım etməklə, yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi istiqamətində işini davam etdirəcək.

Daha öncə Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkənin ən iri bankı olan ABB-nin özəlləşdirilməsi məsələsində tərəqqinin olmadığını bildirmişdi. Onun sözlərinə görə, bunun səbəbi investorların olmamasındadır.

AYİB daha öncə də ABB-nin özəlləşdirilməsində iştirakda maraqlı olduğunu bildirmişdi.(virtualaz.org)