Avqust ayında Azərbaycanda istehlak məhsulları əvvəlki ayla müqayisədə ucuzlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6, əvvəlki ilin avqust ayına nisbətən isə 108 faiz təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "AzTV İqtisadiyyat xəbərləri"ndə bildirilib.

Qeyd edilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1%, 2022-ci ilin avqust ayına nisbətən 107,4 % olub. Daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə edilib. 

Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib. Bu ilin yanvar-avqust aylarında isə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7 faizə bərabər olub.