Çinin daşınmaz əmlak nəhəngi Country Garden-ın müdiri Yanq Huiyan 2021-ci ilin iyun ayından bəri şirkətindəki problemlər səbəbindən sərvətindən təxminən 29 milyard dollar itirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu məbləğ bir vaxtlar Asiyanın ən zəngin qadını olan Yanqın sərvətinin 84 faizi deməkdir.

Bloomberg-in məlumatlarına görə, Yanqın xalis sərvətinin 84 faizi 2021-ci ilin iyun ayından bəri azalmaya məruz qalıb. Yanqın sərvətindəki azalma 28,6 milyard dollar təşkil edib. Bloomberg-in Milyarderlər İndeksinə görə, 41 yaşlı milyarderin sərvəti hazırda 5,5 milyard dollardır.

Belə ki, Honq-Konqda ticarət aparan Foshan şirkətinin səhmləri həftənin əvvəlindən bəri 20,4 faiz ucuzlaşıb. Yanqın sərvətinin böyük hissəsi də onun bu şirkətdəki payından gəlir. Şirkətin 52,6 faiz payına sahib olan Yanq təkcə çərşənbə axşamı günü 490 milyon dollar itirib.

Şirkətin rəsmi defoltdan qaçmaq üçün 30 günü var.


Yanq Huiyan kimdir?

Yanq 2003-cü ildə Ohayo Dövlət Universitetini marketinq və logistika üzrə bakalavr dərəcəsi ilə bitirib və 2007-ci ildə şirkətin səhmlərinin əksəriyyətini atasından miras alıb.

Şirkət birjaya çıxdıqdan sonra 25 yaşında Çinin ən zəngin qadını olan Yanq 2022-ci ilin avqustunda Asiyanın ən zəngin qadını adına layiq görülüb.