Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə Aİ-nın Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir. İqtisadi baxımdan Rusiyanı daha da zəiflətmək məqsədilə növbəti sanksiya paketi müzakirə olunur.

Ümumiyyətlə, Aİ indiyədək Rusiyaya qarşı Ukraynaya hücumuna görə 8 sanksiya paketini açıqlayıb. Növbəti, 9-cu sanksiya paketi barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen danışarkən deyib ki, ilk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib. Onların arasında bank, maliyyə , ticari əməliyyatlar sektoruna aid olanlar var:

“Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq ediləcək. Yeni ixrac nəzarəti və məhdudiyyətlər də sanksiyalar da paketində nəzərdə tutulub. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir.Dron mühərriklərinin birbaşa Rusiyaya ixracına və bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrə, məsələn, İrana ixracına qadağa qoyulacaq.Rusiyanın energetika və mədənçıxarma sektorlarına qarşı əlavə iqtisadi tədbirlər, o cümlədən dağ-mədən sənayesinə yeni investisiyaların qoyulmasına qadağa tətbiq olunub”.

Paketə əlavələr də var. Məlumdur ki, dekabrın 5-də Aİ tərəfindən Rusiya neftinin qiymətinə məhdudiyyətlər qüvvəyə minib. Həmin bu Avropa İttıfaqının ümumi qadağası, həmçinin "Böyük Yeddilik" tərəfindən razılaşdırılmış qlobal neft qiymətləri həddi 9-cu sanksiya paketinə əlavə olunub. Aİ nin üzvü olan Fransanın xarici işlər naziri Ketrin Kolonna həmkarları ilə ayrıca olaraq, Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklərini deyib:

“Rusiyaya qarşı texnologiya və bank xidmətləri sahələrində yeni sanksiyalar müzakirə ediləcək. İttifaq da sanksiyaların yeniləri üzərində işləyir. Buraya həmçinin 2,3 milyard avro dəyərində ikili mallarla əlaqədar ixrac nəzarətinin də daxil olacağı gözlənilir”.

Fransa ilə yanaşı Böyük Britaniya da ayrıca olaraq dekabrın 9-da Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq. Daha öncə, ABŞ-ın Ticarət Nazirliyi 24 xarici təşkilatı, o cümlədən Rusiyadan olan 10 şirkəti “qara siyahısına” əlavə edib. Bu şirkətlərin ABŞ-da avadanlıq və texnologiyalarına çıxışı məhdudlaşdırılacaq. Onların arasında “Ruselectronics Holdinq” də var. Sanksiyaların bir qədər yumşaq olmasını istəyənlər də var. Almaniya, Fransa və Hollandiya Avropa Komissiyasından Rusiyadan qida məhsullarının ixracını yaxşılaşdırmaq üçün Moskvaya qarşı sanksiyalara düzəlişlər etməyi xahiş ediblər. İspaniya, Belçika və Portuqaliya da eyni mövqedədir. Sanksiyaların tam olaraq əleyhinə çıxan ölkələrdən biri Serbiyadır, digəri isə Macarıstan. Məsələn, Serbiyanın Baş naziri Ana Brnabiç deyib ki, Serbiya Avropa İttifaqının çağırışlarına baxmayaraq, prinsipial mövqeyindən əl çəkməyəcək və Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək:

“Aİ Serbiyanın xarici siyasətdə ittifaqa uyğunlaşmasını istəyir. Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Üzvlük danışıqlarının davam etdirilməsi üçün şərt qoyulsa belə, sanksiyaları tətbiq etməyəcəyik. Biz sanksiyalarla bağlı qərar verməyəcəyik. Digər ölkələrin sanksiyaları Serbiya vasitəsilə pozmaq cəhdlərinin qarşısını isə öz qanunlarımızla alacağıq”.

Macarıstanın baş naziri Viktor Orban isə bildirmişdi ki, sanksiyalar həll yolu deyil:

“Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Aİ təbii qaz və nüvə enerjisinə də sanksiya tətbiq edərsə, bunun Macarıstan üçün ciddi nəticələri olacaq.Rusiyaya qarşı tətbiq edilən sanksiyalar mənasızdır. Müharibənin əvvəlində sanksiyaların münaqişəni sona çatdıracağı və ya müharibənin tez bitməsinə kömək edəcəyi iddia edilirdi, lakin bu tədbirlər bizi bu məqsədlərə bir qarış da yaxınlaşdırmadı”.

Aİ-nin 9 dekabrda Rusiyaya qarşı növbəti sanksiyalar paketinin elan olunmasına qədər isə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba 9-cu paketdə Rusiyanın zərbə qabiliyyətinə mənfi təsir edəcək istənilən sahəsinə sanksiyalar qoyulmasını istəyib. O, bu barədə Aİ-nin xarici siyasət üzrə ali mnümayəndəsi Cozep Borrelə məktubla təklif edib.

SAMİR CABBAROV