Avropa İttifaqı (Aİ) səlahiyyətliləri iri sosial şəbəkələrin sahibləri ilə ekstremist məzmunun, xüsusən də girovların edamı ilə bağlı terrorçular tərəfindən mümkün onlayn yayımların yayılmasına qarşı necə mübarizə aparmağı müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında daxili bazar üzrə Avropa komissarı Tyeri Breton deyib.

O, Yaxın Şərqdə baş verən son hadisələrin, xüsusən də Qəzza zolağından İsrailə HƏMAS-ın hücumunun qeyri-qanuni məzmunun və dezinformasiyanın geniş yayılmasına səbəb olduğunu vurğulayıb. 

“İndi Rəqəmsal Xidmət Aktı qüvvəyə mindiyi üçün mən "X", Meta, TikTok və Alphabet/YouTube şirkətlərinə və digər bəzilərinə məktublar göndərdim. Qeyd etdim ki, Yaxın Şərqdəki hazırkı münaqişə ilə bağlı riskləri qiymətləndirin və təcili və hərtərəfli tədbirlər görün", - diplomat qeyd edib.