Böyük Britaniya, ABŞ və Albaniyanın BMT-dəki nümayəndə heyətləri Avromaydan hadisələrinə həsr olunmuş Təhlükəsizlik Şurasının (TŞ) Rusiya Federasiyasının təşəbbüsü ilə çağırılan "Arria formulası" üzrə qeyri-rəsmi iclasını müvəqqəti olaraq tərk ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya görüş zamanı bildirib.

Britaniya, ABŞ və Albaniya heyətlərinin nümayəndələri iclasın keçirildiyi zalı tərk edib. İclasda ekspertlər çıxış edib, o cümlədən Qərbin Avromaydan hadisələrində bilavasitə iştirakını qeyd ediblər. Diplomat əlavə edib ki, sözügedən heyətlərin nümayəndələri yalnız söz Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə veriləndən sonra geri qayıdıblar: "Qeyd etmək istərdim ki, ukraynalı natiqlər bizimlə danışan zaman bəzi həmkarlarımız ehtiyatla zalı tərk etdilər. Hesab edirəm ki, bu, yersiz və ləyaqətsiz hərəkətdir, həqiqətlə üzləşməyə cəsarət göstərmək lazımdır".

Bundan əvvəl Rusiya diplomatik missiyasının rəhbəri qeyd edib ki, Rusiya Avromaydana səbəb olan etirazların qızışdırılmasında ABŞ və Avropa İttifaqının əsas rol oynadığına şübhə etmir.

21 noyabr 2013-cü ildə Ukraynada "Avromaydan" adlı aksiyalar başlayıb. Həmin gün ölkə hökuməti Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması prosesinin dayandırıldığını elan edib, buna cavab olaraq müxalifət Kiyevdə iğtişaşlara çevrilən genişmiqyaslı etirazlara başlayıb. Siyasi böhran 2014-cü ilin fevralında Ukraynada iqtidar dəyişikliyinə səbəb olub.