"ABŞ prezidenti Co Baydenin administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadəyə dair təcili danışıqlara başlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The New York Times" Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, ABŞ Senatının Kiyevə yeni yardım paketini təsdiq edə bilməməsi və vəsaitlərin tükənməsi fonunda Birləşmiş Ştatlar "təcili danışıqlara başlayıb". Nəşrin qeyd edib ki, Ağ Ev dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə dəstəyini sakit şəkildə bildirib.

Nəşrin yazdığına görə, Rusiya aktivlərinin Kiyevə verilməsi ilə bağlı narahatlığını Almaniya, İtaliya və Fransa dilə gətirib. Qəzetə danışan adı açıqlanmayan bir Avropa rəsmisi bunu ABŞ-nin aktivlərin yalnız kiçik bir hissəsinə sahib olması və "Aİ-nin itirəcəyi daha çox şey olduğu" ilə izah edib.

Daha əvvəl "Financial Times" xəbər vermişdi ki, Avropa Komissiyası 2027-ci ilə qədər olan dövr üçün Rusiyanın dondurulmuş suveren aktivlərinin yenidən sərmayə yatırılmasından əldə olunan gəlir şəklində təxminən 15 milyard avro toplamaq niyyətindədir, bu da Kiyevi dəstəkləmək üçün istifadə edilə bilər.

Mayın 12-də Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mülkiyyət hüquqlarına özəl, dövlət və ya korporativ olmasından asılı olmayaraq toxunmaq tamamilə yolverilməzdir. Bununla bağlı o, Rusiyanın öz maraqlarını mümkün qədər qoruyacağını bəyan edib.