Ermənistan hökuməti Azərbaycanla münasibətlərdə, həmçinin Qarabağ mövzusunda dünyadan dəstək ala bilmir. Bu da tamamilə başadüşüləndir. Sivil dünya Ermənistanın 30 illik işğalını hər zaman pisləyib və ağlı başında olan heç bir hökumət işğalçı rejimə dəstək verməz. Lakin burada subyektiv səbəblər də rol oynayır. 

Dəstək mövzusunda ilk ağla gələn ölkə heç şübhəsiz ABŞ-dir. Super dövlət hər zaman bu və ya digər formada müxtəlif ölkələrə öz yardım əlini uzadır. Biz bunu hazırda davam edən Rusiya-Ukrayna müharibəsində, eyni zamanda Çin-Tayvan gərginliyində müşahidə edirik. Söhbət həm maddi, həm də mənəvi dəstəkdən gedir. Amma Birləşmiş Ştatların bunu həmin ölkələrə canı yandığı üçün etdiyini demək sadəlövlük olardı. Əlbəttə burada birinci növbədə ABŞ-nin öz maraqları əsas rol oynayır.

İndi isə qayıdırıq Ermənistana. Bu ölkə də ABŞ-dən dəstək gözləyir. Amma bu gedişlə hələ çox gözləyəcək. Fransanın "Issues" nəşri Birləşmiş Ştatların niyə Ermənistana dəstək verməməsinin səbəblərini araşdırıb. 

İqtisadiyyat.az sözügedən məqalədən bəzi hissələri təqdim edir.

Məqalədə vurğulanır ki, ABŞ-nin Ermənistana dəstək göstərməkdə maraqlı olmamasının əsas səbəbi strateji motivasiyasının olmamasıdır. Çünki Ermənistan həm Rusiya, həm də İranla çox yaxın mütəffiqdir. ABŞ-nin də hər iki ölkəni el dili ilə desək, görməyə gözü yoxdur. Hətta Ermənistan getsin şükür eləsin ki, ABŞ ona sanksiya tətbiq etmir. Əsas səbəblər isə 8 bənddə ümumiləşdirilib.

1. Ermənistan Rusiyaya Qərbin sanksiyalarından və ixrac nəzarətindən yayınmağa kömək edir;
2. Ermənistan İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb;
3. Ermənistan ABŞ-nin "sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə" qanununu pozaraq İrandan pilotsuz təyyarələr və raketlər alıb;
4. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi Rusiyanın rəhbərlik etdiyi əsas qurumların üzvüdür.
5. Vaşinqton İrəvanla heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişləri ilə hüquqi olaraq bağlı deyil. 
6. Azərbaycan İsrail və ABŞ-nin strateji tərəfdaşıdır.
7. Azərbaycan NATO üzvü olan Türkiyənin müttəfiqidir.
8. Azərbaycan Ukrayna müharibəsi fonunda Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır.

Nəşr yazır ki, bu səbəblər ABŞ-nin Ermənistana niyə dəstək vermədiyini anlamaq üçün kifayət edir. Əvəzində Azərbaycan Birləşmiş Ştatlardan mənəvi olaraq dəstək görür. Bunun da səbəbləri yuxarıda izah edilib.