Ekspertlərə görə, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqeləri Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir. Ötən gecə və bu gün səhər saatlarında Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bunu bir daha təsdiq edir.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, beynəlxalq qurumların hədəfi regionda yeni bir müharibə başlatmaq ola bilməz:

"Sadəcə olaraq faciə budur ki, beynəlxalq qurumlar və qlobal güc mərkəzlərində fəaliyyət göstərən siyasilərin hamısı pulla alınıb satılırlar. Ona görə də sözügedən məsələdə beynəlxalq qurumların ideoloji prinsipləri önə çıxmır. Pulu kim verirsə, musiqini də sifariş edir. BMT, Avropa Şurasında qaldırılan anti-Azərbaycan gündəmi alınan və satılan siyasətçilərin hesabına yaşanır. Hədəf müharibə başlatmaq deyil. Onsuz da regionda hərbi gərginlik mövcuddur. Bu gün ermənilər beynəlxalq təşkilatlarda anti-Azərbaycan prosesi başladıblar. Onlar süni hərbi gərginlik müstəvisi yaratmaqla, beynəlxalq güclərin diqqətini regiona yönəltmək istəyirlər. Yəni ki, regionda tək gərginlik mənbəyi Ukrayna və Rusiya deyil. 

Düşünmürəm ki, indiki vəziyyətdə ABŞ, Rusiya, Avropa Birliyi kimi beynəlxalq güclər regionda yeni bir müharibə istəyir. Hazırkı məqamda bütün diqqət Ukrayna-Rusiya müharibəsində cəmləşib. Regionda ikinci müharibənin olması güc kontekstlərinin marağında ola bilməz. Beynəlxalq güclər Rusiyanın sıxışdırılaraq zəifləməsini istəyir. ABŞ sülh müqaviləsi vasitəsilə Azərbaycanla Ermənistanın barışmasına can atır. Çünki bu halda Rusiya kontingentinin Qarabağda qalmasına ehtiyac qalmayacaq". 

Gülşən Şərif