Azərbaycanın ən böyük dövlət bankı ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib.

İqtisadiyyaz.az-ın əldə etdiyi məlumata görə, bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.

Qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.

Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.

Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1,2 mlrd. manat təşkil edir.