Bəzi ucqar kəndlərdə bu gün mobil rabitə ötürücülərinin siqnalı zəif işləyir.

Şəkinin Baqqal kənd sakinləri də mobil şəbəkənin zəifliyindən narazıdır. 600-ə yaxın sakinin yaşadığı bu kənddə mobil şəbəkə zəif olduğu üçün insanlar doğmalarıyla danışmaqda çətinlik çəkirlər. 

Qeyd etdiyimiz kimi, bu gün nəinki Baqqal kəndi, əksər kəndlərdə mobil rabitənin durumu ürəkaçan deyil. Belə olan halda sual yaranır:

Mobil siqnalı ötürən qurğular hansı parametrlərə uyğun olaraq qurulur? Prosesə nəzarət sistemi kimin əlindədir?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Redaktor.az-ın sorğusuna belə cavab verib:

"İstifadəçilərin keyfiyyətli və dayanıqlı mobil rabitə xidmətləri ilə təmin edilməsi məqsədilə şəbəkələrin qurulması və genişləndirilməsi mobil operatorlar tərəfindən həmin ərazilərdə aparılan ilkin araşdırmalara əsasən aparılır. Xidmətlərə olan tələbat, relyef, təhlükəsizlik, ekoloji və texniki standartlar, həmçinin investisiya imkanları nəzərə alınmaqla, şəhər və rayonların mobil rabitə şəbəkəsi ilə təmin edilməsi üzrə inzibati mərhələlərdən ibarət planlarına uyğun aparılır. Şəbəkə planlanması zamanı mövcud və perspektiv tutum nəzərə alınmaqla tələb olunan sayda baza stansiyalarının quraşdırılması, transmissiya avadanlıqlarına olan tələbatın təmin olunması, respublikanın mobil şəbəkə mövcud olmayan ərazilərinin əhatə edilməsi, yeni nəsil texnologiyalı şəbəkələrin əhatə dairəsinin artırılması, radioşəbəkələrin optimallaşdırılması üçünşəbəkədəki kəsintilərin minimuma endirilməsi, 2G/3G/LTE şəbəkələri üzrə xidmətlərin göstərilməsi üçün şəbəkənin qeyd olunan xidmətləri dəstəkləyən vahid avadanlıqlarla təchiz edilməsi, səs, video və data xidmətlərinə olan tələbatın yüksək səviyyədə təmin edilməsi kimi məsələlər nəzərə alınır.

Nazirlik müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən orqan olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət edir. Mütəmadi olaraq operatorlardan şəbəkənin genişləndirilməsi, inkişaf etdirilməsi, keyfiyyətinin artırılmasını tələb edir. Bununla yanaşı, mobil telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən (relyef və s.) müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bildiyindən, həmçinin abunəçinin cihazından da asılı olan hallarda (xüsusən də həmin ərazilərdə) rabitənin keyfiyyətində müəyyən problemlər yarana bilir".  

Nazirlik məsləhət bilib ki, istifadəçilər mobil rabitənin əhatə dairəsi və xidmətlərin keyfiyyətində olan problemlər barədə konkret ərazilər qeyd edilməklə mobil operatorlara və Nazirliyə müraciət edə bilərlər.