Son həftələrdə mediada ardıcıl olaraq fəlakət xəbərləri izləməkdəyik. Hansı ki, bu cür informasiyalar insanların psixologiyasına mənfi təsir göstərir, gündəlik həyatlarını davam etdirməkdə çətinlik yaradır. 

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı saytımıza danışan psixoloq Gülnar Orucova bildirdi ki, bu cür mənfi hadisələrə tam olaraq köklənmək də doğru deyil: 

 

"Bu kimi xəbərləri gördükcə insanlarda daha çox qorxu, təşviş, narahatlıq kimi hallar yaşanır. Xüsusən tez panikaya düşən, empatiya hissi yüksək olan insanlarda bu özünü daha qabarıq formada göstərir. Sosial şəbəkələrdən daha aktiv istifadə edən insanlar bu xəbərlərdən daha çox təsirlənir. Əgər daim belə hadisələrin içərisində olsaq, daha da mənfi fikirlər yaranacaq bizdə.

Odur ki, özümüz üçün fərqli maraq dairələri yaratmalıyıq. Yoxsa bu cür fəlakətlərə tam diqqət verməklə psixologiyamızda gərginlik, stress yaradacağıq. Stressli vəziyyətdən çıxmaq üçün açıq havada gəzmək, idmanla məşğul olmaq, müsuqi dinləmək və meditasiya etmək olar".

Klinik-psixoloq Gülşən Rüstəmova isə deyir ki, bu cür vəziyyətlərdə insanlara psixologi dəstək göstərmək önəmlidir:

 

"Dünyada ekstremal vəziyyətlə” psixologiyası deyə ixtisas var və bununla peşəkar psixoloqlar məşğul olur. Bu psixoloqlar təbii fəlakətlər, zəlzələ, yanğın, avtoqəzalar zamanı insanların sarsılmış psixologiyaları ilə məşğul olurlar. Bu hadisələr zamanı psixoloji dəstək iki cür olur: hadisə anında və post-travmatik, yəni hadisədən sonra. 

Əgər hər hansı bir fəlakət baş veribsə və biz müşahidəçiyiksə, ilk öncə o insanın yanında olduğumuzu ona bildirməliyik, çünki bu vəziyyətdə insanlar adətən şok vəziyyətində olurlar və onların zehni fəaliyyəti dayanır. Onlarla ünsiyyət qurmaq və danışmaq lazımdır. Hər hansı ehtiyacı varsa, onu qarşılamasına şərait yaratmalıyıq. Əgər hadisədən sonra travma olacaqsa, bunun üçün xüsusi seanslar keçmək olar".

Bir sözlə faciələr qaçılmaz olduğu kimi, psixoloji fəsadları da qaçılmazdır. Odur ki, əlavə məşğuliyyətlərlə gərginliyimizi, stressimizi yüngülləşdirib, sağlam həyat tərzinə adaptasiya olmalıyıq.