Sənaye İnqilabından bəri, dünyanın əksər ölkələrinin enerji qarışığında qalıq yanacaqlar üstünlük təşkil edir. Bunun qlobal iqlimə, eləcə də insan sağlamlığına böyük təsirləri var. Qlobal istixana qazı emissiyalarının dörddə üçü qalıq yanacaqların yandırılması nəticəsində yaranır. Bərpa olunan enerji isə gələcək onilliklərdə enerji sistemlərimizin karbonsizləşdirilməsində əsas rol oynayacaq. Eyni zamanda, bərpa olunan enerji təmiz enerji keçidlərində mühüm rol oynayır.

İqtisadiyyat.az-ın araşdırmasına görə, bərpa olunan enerji təbii olaraq yenilənə bilən resursların istifadəsi ilə xarakterizə olunur.

Qalıq yanacaq mənbələrinin ətraf mühitə təsiri, artan əhali və urbanizasiya, eləcə də bərpa olunan texnologiyaların dəyərinin azalması kimi bir sıra amillər səbəbindən bərpa olunan mənbələrdən istifadə artıb. Son məlumatlar göstərir ki, dünyanın enerji istehsalında bərpa olunan enerjinin payı artır. Araşdırmalara görə, bərpa olunan mənbələrdən əldə edilən ucuz elektrik 2030-cu ilə qədər dünyanın ümumi elektrik enerjisinin 65 faizini təmin edə bilər.

Kənd yerləri və ya inkişaf etməkdə olan ölkələr üçün irimiqyaslı bərpa olunan layihələrdən istifadə bu regionlara fayda verə bilər. Çünki bu ərazilərdə elektrik enerjisi adətən keyfiyyətsizdir, səmərəsiz istifadə olunur və etibarsız şəkildə təmin edilir. Bərpa olunan enerjidən istifadə həyat keyfiyyətini, iqtisadi istehsalı yaxşılaşdıra və ətraf mühitə fayda verə bilər.

Çin bu yaxınlarda bərpa olunan enerji sahəsində dünya lideri olub və bu enerji texnologiyalarına böyük sərmayələr qoyur. Çin və ABŞ dünya miqyasında bərpa olunan enerji istehlakında liderdirlər.

2023-cü ildə bərpa olunan enerji mənbələrinə görə lider ölkələr Çin, ABŞ və Braziliya olub. Çin təxminən 1453 giqavat güc ilə bərpa olunan enerji qurğularında lider olub. İkinci yerdə olan ABŞ 388 giqavat gücə sahibdir.

Araşdırmalara görə, son iki onillikdə dünyada təmiz enerjiyə ayrılan maliyyənin həcmi durmadan artıb. 2004-cü ildə təmiz enerjiyə ayrılan sərmayələr 32 milyard dollar təşkil edib. 2022-ci ildə isə bərpa olunan enerjiyə ümumi investisiyalar təxminən 495 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir. Beləliklə, 2022-ci ildə dünya üzrə bərpa olunan enerjiyə yatırılan sərmayələr rekord səviyyəyə çatıb.

Bərpa olunan enerjiyə ən çox investisiya yatıran ölkə 2022-ci ildə 274 milyard dollarla Çin olub.

Ümumillikdə 2004-cü ildən 2022-ci ilə qədər bərpa olunan enerjiyə bu qədər sərmayə qoyulub:

İllər

Sərmayənin həcmi

2004

32 milyard dollar

2005

50 milyard dollar

2006

79 milyard dollar

2007

120 milyard dollar

2008

155 milyard dollar

2009

152 milyard dollar

2010

213 milyard dollar

2011

266 milyard dollar

2012

241 milyard dollar

2013

211 milyard dollar

2014

262 milyard dollar

2015

301 milyard dollar

2016

285 milyard dollar

2017

315 milyard dollar

2018

285 milyard dollar

2019

319 milyard dollar

2020

362 milyard dollar

2021

423 milyard dollar

2022

495 milyard dollar

 

"Group Next Move Strategy Consulting" şirkətinə görə, dünya üzrə bərpa olunan enerji bazarının ölçüsü 2030-cu ilə qədər 2 trilyon ABŞ dollarından çox olacaq.

Qalıq yanacaqlarla bağlı ekoloji narahatlıqlar, sürətli urbanizasiya və inkişaf etməkdə olan regionlarda iqtisadi artım proqnozlaşdırılan bazar artımına töhfə verən əsas amillərdir.

 

Gözəl Həşimova