Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından ciddi narahatdır və bu cür pozuntuları pisləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu, TDT-nin bəyanatında öz əksini tapıb.

"Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə aparılması, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və ərazilərin minalanması, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında münasibətlərin normallaşması prosesinə xələl gətirir, regionda sülh və sabitliyin təmin olunmasına xidmət etmir".

Katiblik yuxarıda qeyd olunan qanunsuz əməllərə dərhal son qoymağa çağıraraq Azərbaycanın bütün səylərini dəstəkləyir.

TDT Katibliyi həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh gündəmini qəbul edərək, Azərbaycanın Laçın-Xankəndi yolunda eko-fəalların və QHT nümayəndələrinin dinc etirazlarını dəstəkləyir.