"Taksi fəaliyyəti ilə bağlı islahatlar davam etdikcə, qiymət artımı baş verəcək". 

Bu sözləri Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini artırmasına münasibət bildirən nəqliyyat eksperti Yasin Mustafayev İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Ekspertə görə, taksi xidmətindən istifadənin kəskin artması tıxaclara və bir sıra problemlərə yol açır:

"Bu gün taksi fəaliyyətində özbaşınalıq, anarxiya baş alıb gedir. Bu xaotik vəziyyətin qarşısını almaq üçün ciddi addımların atılması vacibdir. Bir müddət öncə taksi şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi və müzakirələr aparılmışdı. Görünən odur ki, bu sahə üzrə artıq əsaslı addımlar atılacaq. İndiki məqamda taksi xidmətində yalnız qiymətin münasib olması sərfəlidir. Qiymətlərin ucuz olması sərnişinlərin marağına səbəb olur. Bu isə şəhərdə nəqliyyat sıxlığına yol açmaqla yanaşı, ictimai nəqliyyatdan istifadə edənlərin sayının kəskin azalmasına səbəb olur. Keyfiyyət, avtomobillərin sazlığı, sürücülərin sərnişinlərlə münasibəti və digər istiqamətlər üzrə mənfi tendensiya isə  hələ də davam edir. Bu mənfi halların aradan qaldırılması üçün müvafiq addımların atılması zəruridir.

Bəzi taksi şirkətlərinin qiymətləri bahalaşdırması barədə rəsmi məlumat yoxdur. Bütün hallarda taksi fəaliyyəti ilə bağlı dəyişikliklər qanunauyğun şəkildə həyata keçirilməlidir. Taksi fəaliyyəti ilə bağlı dəyişiklikdə yüksək qiymət artımı arzuolunan deyil. Lakin islahatlar davam etdikcə, qiymət artımı baş verəcək". 

Qeyd edək ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

Gülşən Şərif

İqtisadiyyat.az