2019-cu ilin əvvəlindən Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 24,7 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“143 sahibkarın ümumi dəyəri 88 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 24,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 870-dən çox iş yerinin yaradılmasına imkan verir”, - məlumatda bildirilir.

Həmçinin, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.

SİF-in fəaliyyəti dövrü ərzində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3,4 min sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 mln. manat güzəştli kredit verilib.

Həmçinin məlumat verilib ki, SİF-in xətti ilə regionda çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 mln. manat güzəştli kredit verilib.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.