Dünyada hərbi xərclər 2018-ci ildə əvvəlki ilə nisbətən 2.6% artaraq 1.8 trilyon dollar olduğu halda, buna da ən çox pul xərcləyən ölkələr ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa olub.

Stokholm Sülh Araşdırmaları İnstitutunun “Dünyada Hərbi Xərclərdəki Meyllər 2018” sənədi yayımlanıb. İqtisadiyyat.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sənədə görə, 2018-ci ildə hərbi xərclər əvvəlki ilə nisbətən 2.6% artaraq 1 trilyon 822 milyard dollara çatıb.

2018-ci ildə silahlanmağa xərclənən ümumi məbləğ qlobal ümumi daxili məhsulun 2,1 faizini təşkil edib. ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa ötən ilin hərbiyə ən çox pul xərcləyən dövlətləri olub. Araşdırmaya görə, bu 5 ölkənin hərbi xərcləri, beynəlxalq hərbi xərclərin 60%-i təşkil edib. Rusiya 6-cı yerdə qərarlaşıb. Ən çox hərbi xərc çəkən 15 ölkə ümumi hərbi xərclərin 81%-i təşkil edir.

İnstitutun araşdırmasına görə, ən çox pul xərcləyən ölkə yenə ABŞ olub. ABŞ-ın hərbi xərcləri əvvəlki ilə nisbətən 4.6% artaraq, 649 milyard dollara çatıb. Çin 250 milyard dollarla 2-ci yeri tutub. Çinin hərbi xərcləri ötən ilə nisbətən 5% artıb. Ancaq bu ölkənin son 10 ildə hərbi xərclərinin 83% artması diqqəti daha çox cəlb edib. Hindistan hərbi xərclərini 3.1% artırıb.

Ancaq Səudiyyə Ərəbistanı, Fransa və Rusiya hərbi xərclərini əvvəlki ilə nisbətən azaldıb. Belə ki, Səudiyyə Ərəbistanı 6.5%, Fransa 1.4%, Rusiya isə 3.5% hərbi xərclərini azaldıb.

Mehman Nəbiyev