Son bir neçə həftədə kriptovalyuta dünyasında tez-tez danışılan mövzulardan biri "Hamster Kombat" teleqram oyunudur. Bu oyun istifadəçilərə ekrana klik edərək koinlər yığmağı və müxtəlif səviyyələrdən keçdikdən sonra pulqazanma təklif edir.

İqtisadiyyat.az xəbər verir ki, "Operativ Media" ölkəmizdə də kifayət qədər məşhurlaşan bu bot vasitəsilə pul qazanmağın nə dərəcədə real olmasını araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, bot qısa müddət ərzində teleqramda 100 milyona yaxın izləyici toplaya bilib. Təkcə yutub kanalında isə 20 milyon abunəçi var. Kanalda 6 iyunda yerləşdirilən videoya 50 milyon baxış gəlib. Bütün bunlar artıq sözügedən oyunun nə qədər populyar olduğunu bir daha göstərir. 

Kriptovalyuta bazarı üzrə mütəxəssis Ceyhun Babayev "Operativ Media"ya bildirib ki, bu cür oyunlar əslində bazarda tez-tez meydana çıxır. Əsas onlardan hansının uğurlu olaraq daha çox insana çata bilməsidir. 

"Hamster Kombat" oyununun da prinsipi başqaları ilə eynidir. İstifadəçilər ekrana klikləyərək pul qazandıqlarını düşünürlər. Əslində ekrana klikləyərək bu oyunda sadəcə zaman itirmək olar. Koinləri artırmaq üçün dostlarını oyuna dəvət edə və ya oyunun daxilindəki müxtəlif missiyaları tamamlamalısan. Bu oyun qısa müddət ərzində çox böyük kütləyə çatıb. Əlbəttə ki, 100 milyon istifadəçinin hamısı bu oyunla pul qazana bilməyəcək. Çünki nəzərə almaq lazımdır ki, 100 milyon istifadəçinin hərəsi gündə 1 dollar qazansa, bu elə günə 100 milyon dollar edir. Biz bu "Hamster Kombat" oyunun arxasında 100 milyon dollarlarla investisiya görmürük. Həm də düşünün ki, bu 100 milyon cəmi 1 günə olan xərcdir. Bu cür oyunlar bəzən təsadüfən məşhurlaşır və qurucular onun bu qədər populyar olacağını əvvəlcədən hesablamırlar. Sonda isə istifadəçiyə vəd olunan pulu ödəyə bilmirlər. Qısa populyarlıqdan sonra həm istifadəçilər bunun boş bir iş olduğunu görüb oyunu tərk edirlər".

Ceyhun Babayev onu da bildirib ki, bu cür proqramlardan pul qazanmaq bu hallarda mümkündür:

"Pul qazanmaq üçün gərək bu oyuna birinci başlayanlardan olasan. Bunların hər biri piramida sistemi ilə işləyir. Əgər sizin minlərlə nəfər referal yığmaq imkanınız yoxdursa, deməli ən az pulu siz qazanacaqsınız, yaxud da pul qazanmayaraq, vaxtınızı itirəcəksiniz. "Hamster Kombat" oyunundan kimlərinsə pul qazanması mümkün ola bilər. Amma bu rəqəm az olacaq, qazanılan məbləğ də yüksək olmayacaq".