Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Ədliyyə nazirinin müvafiq əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin edilib.

Vüqar Ağayev 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.

Bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.

O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

Bundan başqa, ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.

 

***

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli bu vəzifəyə təyinat alıb.

Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.

2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.

O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.