İyun ayının 2-si Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən batdığı ehtimal olunan digər 2 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.

***

13:14

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, Hunanlar kəndində avtomobillə Kür çayında batanlardan birinin meyiti tapılıb.

Meyit tibbi ekspertizaya aparılıb. Onun kimliyi dəqiqləşdirilir.

Digər iki nəfərin axtarışları isə davam etdirilir.

Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.