Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçı Əli Rzazadənin yeni işiq üzü görmüş “Cənab Leytenant” adlı romanının təqdimat mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə millət vəkilləri, ictimai xadimlər və yazıçılar iştirak edib.

Roman vətən müharibəsi qəhrəmanı şəhid Teymur Feyruz oğlu Abbasovun xatirəsinə həsr olunub.

Tədbirdə Milli Məclisin deputatları Ceyhun Mammadov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, akademik Nizami Cəfərov, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, professor Asif Rüstəmli müəllifin yaradıcılığı və “Cənab leytenant” kitabı haqqında təəssüratlarını bölüşüblər.

Çıxışçılar həmçinin mövzunun olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbirdə giriş sözü ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas, yazıçı Əli Rzazadə şəhidin döyüş yolundan, kitabın ərsəyə gəlməsinin səbəblərindən danışıb.

Tədbirin bədii hissəsindən sonra “imza saatı” keçirildi və nəşr olunmuş kitab oxucu auditoariyasına təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olmuş Teymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Abbasov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub.

II Şəhidlər Xiyabanında dəfn olunub.

Teymur Abbasov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdiyinə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.