Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1977-ci ildə rəsmi olaraq qəbul edilmiş “Beynəlxalq Qadınlar Günü” hər il 8 Martda gender bərabərliyi, qadınların siyasi və sosial vəziyyətini yaxşılaşdırmaq, eləcə də bu mövzuda maarifləndirmə məqsədi ilə qeyd edilir.

İqtisadiyyat.az xəbər verir ki,  gender bərabərliyinə nail olmaq üçün hər il əlavə 360 milyard dollar lazımdır.

Bundan əlavə, məşğulluq sahəsində kişi və qadınlar arasında fərqin azaldılması ümumi daxili məhsula (ÜDM) 20% töhfə verə bilər.

Qadınların və qızların hüquqlarının bütün sahələrdə təmin edilməsi ilə firavanlıq, ədalətli iqtisadiyyat və gələcək nəsillər üçün sağlam bir dünya yaradıla bilər.

BMT-nin açıqlamasına əsasən, qadınların iqtisadi imkanlarının artırılmasını sürətləndirmək üçün 5 element tələb olunur.

Bunlardan birincisi qadınların əsas ehtiyaclarını ödəmək və bizneslərini genişləndirmək üçün maliyyə qaynaqlarının təmin edilməsidir.

Qlobal miqyasda qadınlara məxsus kiçik və orta bizneslər 1,7 trilyon dollar az maliyyə dəstəyi alır. Bu boşluğun aradan qaldırılması nəticəsində 2030-cu ilə qədər orta illik gəlirdə 12% artım gözlənilir.

İkincisi, qadınlara azadlıq, bərabərlik və təhlükəsizlik təmin edən mühit lazımdır. Digər tərəfdən, qadın məşğulluğunun demək olar ki, 60%-i qeyri-formal iqtisadiyyatdadır və aşağı gəlirli ölkələrdə bu nisbət 90%-dən yuxarıdır.

Bunlardan üçüncüsü zamandır. Bu çərçivədə qadınların ev işlərinə kişilərə nisbətən orta hesabla 3 dəfə daha çox vaxt ayırdığı ifadə edilir. Bu, bərabərsizliyi artırır, qadınların və qızların təhsil almaq üçün vaxtını və imkanlarını məhdudlaşdırır.

Digər tərəfdən, dördüncü element təhlükəsizlikdir. Qadınlar işdə və evdə zorakılıq, qadın hüquqlarının pozulması kimi bir çox təhlükələrlə üzləşirlər. Bundan əlavə, bu vəziyyət qadınların iqtisadi iştirakına da mane olur. Qadınlara qarşı zorakılığın qlobal zərərinin ən azı 1,5 trilyon dollar olduğu təxmin edilir.

BMT-nin hesablamalarına görə, 2022-ci ildə böhranların təsirinə məruz qalan ölkələrdə yaşayan qadın və qızların sayı 614 milyona çatıb. Bu rəqəm 2017-ci illə müqayisədə 50% artıb.

Nəhayət, insan hüquqları həm də qadınların iqtisadi səlahiyyətlərinin əsasını təşkil edir. Ədalətsiz və patriarxal iqtisadi sistemlər gender bərabərsizliyini davam etdirir.

Qlobal miqyasda qadınlar kişilərin qanuni hüquqlarının yalnız 64 faizinə sahibdirlər. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, 2022-ci ildə dünyada əmək qabiliyyətli əhali arasında qadınların xüsusi çəkisi 50,2% təşkil edib. Həmin ildə qadınların məşğulluqda payı 39,7%, idarəetmədə payı isə 27,5% təşkil edib.

Qlobal olaraq, 1990-cı ildən bəri işçi qüvvəsində gender fərqi təxminən 30% olaraq qalır. Gender maaş fərqinin isə 20% olduğu təxmin edilir. Bu o deməkdir ki, qadınların əksəriyyəti kişilərin qazandıqlarının yalnız 80%-ni qazanır.

BMT-nin məlumatına görə, hər 10 qadından biri həddindən artıq yoxsulluq içində yaşayır.

 

Gözəl Həşimova